Tumgik
#“Telefonda deyilməmiş sözlər”
nurajab · 1 year
Text
- Alo! Axşamın xeyir... hələ oyaqsan?
(Yuxuların ölər... yuxular ölər
baxışın zilləndiyi soyuq tavanda)
- Hə, axşamın xeyir... oyağam yəqin
(Ahh onun qucağı... onun qucağı
Və bir dəstə təzə, nəmli lavanda)
- Saat artıq 3-dür... niyə yatmırsan?
(Bu dərd oyaqlığı məni öldürür
Əbədi yuxuya hələ var kimi)
- Başım ağrıyırdı, bol kofe içdim...
(Qaldırıb yorğanı yatmaq istərkən
yataq ağzın açır canavar kimi)
- Xəstəliyin necə?.. ağrıyırsanmı?
(Mən yaxşı deyiləm, yaxşı deyiləm...
Sapsağlam olsam da, ölürəm burda)
- Yox, hər şey yaxşıdır... rahatlaşmışam
(...və günün hər anı, hər saniyəsi
durub sənə tərəf gəlirəm burda)
- Həə... Markes də öldü - ilk xatirəmiz
(Bu vəhşi, amansız “100 il tənhalıq”
Məni səhifələrə ayırır hər gün)
- Dayan, kimsə gəldi... qapı döyülür
(və səndən beləcə uzaq olduqca
hər axşam qapıma baş çəkir ölüm)
- Nə oldu?... kimdir ki, bu vaxtda gələn?
(Yaman darıxıram bu süst gecələr
Evə gəlişimi gözləməyinçün)
- Qonşu qapısıdır... bizimki deyil
(Hər şeyi ataraq sənə gələrdim
Bircə gün ömrümə gəlməyin üçün)
- Hə, belə... gecdir day, yatmaq zamanı
(Daha səndən sonra... və səndən sonra
Qanlı era kimi keçir gecələr)
- Sən yenə içirsən o zəhrimarı?
(Vallah, mənimki də ömür, gün deyil
Yastıq göz yaşımı içir gecələr)
- Yox, daha içmirəm... bəs ərin necə?
(Eşş ərin bilsə ki, necə xoşbəxtdi:
Hər səhər səninlə birgə oyanır)
- Xanımın necədir, övladın necə?
(Ay Allah, bu sual necə ağırdır
Bu nədir, elə bil, ömür dayanır)
- Yaxşıdır hamısı, yaxşıdır, vallah
(Bircə mən onlarla deyib-gülsəm də,
Hər gün can çəkirəm bu üç otaqda)
- Həə, biz də yaxşıyıq... biz də yaxşıyıq
(Bircə mən zəliləm, ölürəm indi
Böyük bir yoxluğam səndən uzaqda)
- Daha çox gecdir e, yatmaq lazımdır
(Yenə zəng edərsən, əbədi ömrüm,
Telefon başında gözlərəm səni)
- Gecən xeyrə qalsın... sağ ol, əlvida.
(Bax elə indicə sağollaşsaq da
Ürəyim yığacaq sənin nömrəni)
3 notes · View notes