Tumgik
ireli-blog · 12 years
Text
“İRƏLİ” sədri Rauf Mərdiyevin Ramil Səfərovla bağlı Barak Hüseyn Obamaya müraciəti
Möhtərəm cənab Prezident!
Hər  şeydən öncə  bu sətirlərin cənabınıza ünvanlanma səbəbinin yüz minlərlə Azərbaycan gəncinin Sizə və ABŞ Dövlət Departamentinə öz mövqeyini ifadə etmək olduğunu nəzərinizə çatdırmaq istərdik!
Ümidvarıq ki, daima demokratiyadan, hüquq və azadlıqlardan ağızdolusu danışan ABŞ rəsmiləri bu məktubu diqqətlə oxuyacaq, onun özündə ehtiva etdiyi  real tarixi faktlara söykənən həqiqətlərə  həm bir siyasətçi, həm də sadə bir ABŞ vətəndaşı kimi lazımi həssaslıq göstərmək üçün özlərində güc tapacaqlar!
Cari ilin avqust ayının 31–də Macarıstan tərəfinin beynəlxalq hüququn bütün tələblərinə riayət  edərək, həmçinin Azərbaycan Respublikası ilə imzalanmış müvafiq ikitərəfli razılaşma çərçivəsində milli ordumuzun zabiti, Budapeşt şəhər məhkəməsinin qərarı ilə affekt vəziyyətində, onu və bayrağımızı təhqir etmiş erməni zabitini qətlə yetirmiş Ramil Səfərovun ölkəmizə təhvil verilməsi zamanı ABŞ dövlətinin verdiyi qərəzli reaksiya hər bir azərbaycanlıda dərin təəssüf və qəzəb hissi doğurmuşdur. Qeyd edək ki, Ramil Səfərovun cəzasının 8 ilini Macarıstanda çəkdikdən sonra cinayətin törəndiyi Macarıstandan tam olaraq beynəlxalq hüquqa, Strasburq konvensiyasına, BMT-nin normalarına, Avropa Şurasının və Avropa Birliyinin hüquqi çərçivələrinə uyğun şəkildə vətəndaşı olduğu Azərbaycan Respublikasına ekstradisiya olunması tam qanunauyğundur.
Cənab Prezident, bütün etiketi və rəsmiyyəti kənara qoyaraq, səmimi danışmalı olsaq deməliyik ki, əslində bu bizim ABŞ tərəfindən üzləşdiyimiz ilk qərəz, ilk ikili standart, yaxud birinci riyakarlıq nümunəsi deyil. Sıravi Azərbaycan vətəndaşı dildə bizə strateji müttəfiqlikdən, dostluqdan, terrorla mübarizədə tərəfdaşlıqdan dəm vuran ABŞ hökumətinin müxtəlif vaxtlarda ölkəmizin maraqlarına zidd olan davranışlarını və bəyənatlarını çox gözəl xatırlayır.
Biz ABŞ Dövlət Departamentinin vaxtilə ölkənizin Qafqaz regionunda müttəfiqləri sayılan Azərbaycan, Gürcüstan və Türkiyənin birgə təşəbbüsü ilə inşasına başladıqları Bakı-Axalkalaki – Qars dəmir yol xəttinin tikintisinə verdiyi isterik reaksiyanı unutmamışıq. Erməni lobbisini ələ almaq, seçkilərdə ermənilərin səsini qazanmaq naminə bir çox ABŞ rəsmilərinin ölkənin milli maraqlarını bir kənara qoyaraq, şəxsi istəklərini dövlət siyasəti qismində təqdim etmələri Azərbaycanda, həmçinin Vaşinqtonla ənənəvi müttəfiqlik münasibətlərinə malik qardaş Türkiyədə ancaq təəssüf doğurur. 
Azərbaycanda bizə iqtisadi əməkdaşlıq vəd edən ABŞ-ın ölkəmizə hər cür yardımına əngəl olan qərəzli 907–ci düzəlişin hələ də ləğv olunmadığı da bizim nəzərimizdədir. Bütün sadalananları bir Prezident olaraq Siz  də bilməmiş deyilsiniz, cənab Obama!
Sizə çox yaxşı məlumdur ki, Ramil Səfərov Budapeştdə, NATO–nun tərəfdaşlıq proqramı çərçivəsində təlimdə olarkan erməni zabiti Q.Markaryanın davamlı təhdid və təhqirləri ilə üzləşmiş, zabitimizin gözləri qarşısında Azərbaycan Respublikasının dövlət bayrağı təhqir edilmişdir. Nəticədə zabitimiz öz hisləri üzərində nəzarəti  itirmiş, affekt vəziyyətində onun vətənpərvərlik duyğularını təhqir etmiş ermənini cəzalandırmışdır. Ramil Səfərovun affekt vəziyyətinə düşməsini sürətləndirən bir çox obyektiv hallar var idi. Zabitimizin özünün də məhkəmə prosesində qeyd etdiyi kimi onun bir çox yaxın qohumlarının Qarabağda erməni separatçıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsi yekunda Səfərovun Markaryanın təhqirlərinə bu cür aqressiv reaksiya verməsi üçün münbit psixoloji zəmin hazırlamışdır. Onun çətinliklə göz önündən uzaqlaşdırdığı qanlı anları yenidən zabitimizə xatırladan bu təhqirlərin Marqaryan üçün bu cür yekunlaşması tibb və psixologiya qanunları nöqteyi-nəzərindən təbiidir.  
Yəqin ki, Sizin də cənab Prezident yaxın qohumlarınız, ailə üzvləriniz qətlə yetirilsəydi, Ramil Səfərovun yaşadığı duyğuları Siz də yaşasaydınız bəlkə də eyni davranışı nümayiş etdirərdiniz.
Əgər Sizi həqiqətən də dediyiniz kimi hüququn aliliyi və insan ölümləri narahat edirsə, bəs nədən bu yaxınlarda Myanmada misli görünməmiş vəhşiliklə qətlə yetirilən müsəlmanların faciəsinə münasibət bildirməyi lazım bilmədiniz? Görəsən hansı səbəbdən dövlətinizin siyasi maraqlarına uyğun olduğundan Suriyada baş verən qətliyamlara iki gündən bir reaksiya verir, İraqda ABŞ ordusunun apardığı əməliyyatlar zamanı öldürülmüş 1 milyona yaxın məsum şəxslərin faciəsini heç yada da salmaq istəmirsiniz? Heç vaxt görmədiyiniz və sizdən təxminən 100 il  əvvəl Osmanlı  imperiyasında təfərrüatlarını qətiyyən bilmədiyiniz hadisələri erməni faciəsi adlandırır, haqqında onlarla inkarolunmaz fakt, şahid və  real video çəkilişlər olan Xocalı soyqırımı barəsində isə susmağa üstünlük verirsiniz?
Dünyanın bir nömrəli terrorçusu elan etdiyiniz Ben Ladeni öldürmək üçün suveren bir ölkənin - Pakistanın ərazisinə icazəsiz şəkildə soxularaq, sözügedən şəxslə yanaşı onun heç bir günahı olmayan ailə üzvlərini də məhv edir, sonra isə  başqalarından beynəlxalq hüquqa hörmət tələb edirsiniz! Biz beynəlxalq hüquqa əməl edirik, bəs Siz?
Bütün dünya sizin əsgərlərin Quantanamo həbsxanasında hərbi əsirlərlə kobud şəkildə rəftarının, zabitlərinizin isə dözülməz şəraitdə saxlanılan məhbusların dini duyğularını göz görə-görə təhqir etdiyinin  dəfələrlə şahidi olduğu təqdirdə, siz bəzən digər dövlətləri zorakılıqdan uzaq olmağa səsləyirsiniz ! Biz zorakılıqdan uzağıq, bəs Siz?
Çox maraqlı və təəssüfləndirici haldır ki, daima başqa ölkələrin daxili işlərinə müdaxilə etməyi sevən ABŞ Dövlət Departamenti nədənsə Norveçdə 70 yaxın insanı qətlə yetirən və İslam dininə olan nifrətini açıq şəkildə dilə gətirən Breyvikə cəmi 21 illik cəzanın verilməsinə qətiyyən reksiya vermədi.
Cənab Prezident, bütün bunlar bir yana axı, Macarıstanı və Azərbaycanı Ramil Səfərovun azadlığa buraxılması ilə əlaqədar tənqid atəşinə tutduqda niyə ABŞ–ın və  digər  Qərb ölkələrinin vaxtilə həbs edilmiş erməni terrorçularını məhbəsdən azad edərək cəzasız qoyduğunu  unudursunuz? Sizin yadınıza bir neçə fakt salsaq yəqin ki, pis olmaz.
1984 – cü ildə sizin vətəniniz  ABŞ – da türk konsullarını öldürdüyünə görə həbs edilərək, ömürlük cəzaya məhkum edilmiş Q.Yanukyan adlı erməni terrorçusu əfv olunaraq azadlığa buraxıldı və bu hadisəyə indiyə qədər heç bir tutarlı, məntiqli, obyektiv izahat verilməyib.
2001–ci ilin aprelində Fransa məhkəməsi Orli hava limanında törətdiyi və 8 nəfərin, o cümlədən 4 fransızın həyatına son qoyan terror aktının təşkilatçısı V.Karapetyanı əfv edərək vətəninə yola  salmışdı. Həmin vaxt Ermənistan prezidenti R.Köçəryan Karapetyanı mükafatlandırmağı da unutmamışdı. Görəsən onda hansı səbəbdən ABŞ rəsmiləri bu məsələyə biganə qalmışdı?
Bu cür hallara ötən əsrin əvvəllərində də rast gəlmək mümkündür. 1921–ci ildə Türkiyənin Daxili İşlər Naziri Tələt paşanı öldürən, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirinin müavini Behbud Ağa Cavanşiri qətlə yetirən erməni terrorçularının Avropa məhkəmələri tərəfindən bəraət almaları da hər kəsə məlum olan acınacaqlı tarixi faktlardır.
Hörmətli cənab Prezident, biz Dövlət Departamentinin Ramil Səfərovu yuxarıda adını çəkdiyimiz erməni terrorçuları ilə eyni sıraya qoyan absurd bəyənatına qətiyyətlə qarşıyıq. Karapetyanlardan, Yanukyanlardan fərqli olaraq Ramil sadəcə affekt vəziyyətində onu təhqir etmiş bir şəxsi qətlə yetirərək, həmin an psixoloji tarazlığına nəzarəti itirmiş və nəticədə hadisələrin qurbanına çevrilmiş günahsız insandır. Ramilin affekt vəziyyətində olduğunu hələ məhkəmə araşdırmasının getdiyi zaman onu müayinə etmiş 4 həkimdən 2-si qətiyyətlə bəyan etmişdilər. Əfsus ki, Budapeşt məhkəməsi öz növbəsində məsələ ilə bağlı yekun hökm çıxararkən digər 2 həkimin rəyini əsas götürmüşdür. Bu isə öz növbəsində Ramilin günahkar olmasına dair məsələdə ciddi fikir ayrılığının qaldığını bir  daha sübut etməklə yanaşı, verilən qərarın düzgünlüyünə də əhəmiyyətli dərəcədə kölgə salmış olur.  
Dövlət Departamentinin müvafiq bəyənatı bir daha onu göstərir ki, ABŞ rəsmiləri bəzən terrorçunu günahsız  insandan, məzlumu  zalımdan, işğalçını işğala məruz qalandan ayıra bilməyəcək qədər qərəzli  və  subyektiv ola bilir. Lakin unutmayın ki, bu cür davranışlar adətən əks effektə malikdir və onlar Azərbaycan xalqının qüruruna toxunduğu qədər ABŞ-ın region əhalisi arasında olan nüfuzunu da təhlükə altına qoya bilər. ABŞ-ın birtərəfli, qərəzli davranışları cəmiyyətimizdə səylə  təbliğ  edilən Qərb dəyərlərinin səmimiliyinə olan etimadı ciddi şəkildə sarsıdır. Bu isə regionda ABŞ-ın güclənməsini istəməyən 3-cü qüvvələr üçün münbit şərait yaradacaqdır. Biz anlayırıq ki, ABŞ-da qarşıdan gələn Prezident seçkiləri ərəfəsində Sizin hökümət  üçün erməni elektoratını məmnun etməyə yönəlmiş belə bəyanatlar “zəruri”dir. Lakin düşünürük ki, ABŞ rəsmiləri ABŞ dövlət maraqlarını seçki eyforiyasına qurban verməməlidir.
Son 20 ildə biz ABŞ–dan əsasən enerji resurslarının istismarı məsələsində səmimi əməkdaşlıq görmüşük. Lakin unutmayın Azərbaycan tarixən regionun açar dövləti olmuşdur və onun ABŞ–a verə biləcəyi töhfələr arasında neft yeganə və sonuncu amil deyil. ABŞ diplomatları və siyasi strateqləri bunu yaxşı başa düşməli, ölkəmizə münasibətdə mümkün olduğu qədər tez müvafiq yanaşma ortalığa qoymalıdırlar.
İnanmaq istərdik ki, ABŞ  rəsmilərinin seçkilər ərəfəsində, yaxud Azərbaycan və Türkiyəyə təzyiq etmək zərurəti yarandığı anda baş qaldıran “erməni məhəbbəti” onların sağlam təfəkkürünə təsir göstərməyəcək. Çünki, ABŞ – ın strateji dövlət maraqlarının hansısa lobbi və icmaya görə qurban verilməsi həm bunu edənlərin siyasi imicinə zərbə olacaq, həm  də Vaşinqtonu yeni itkilərlə üz-üzə qoyacaq. ABŞ  ictimaiyyəti, ən əsası isə tarix bunu heç bir siyasi liderə bağışlamır.
 Biz azərbaycanlılara gəlincə, cəmiyyətimizin hər bir fərdi Ramil Səfərovun ölkəmizə qaytarılmasında əməyi keçən bütün insanlara, Macarıstan dövlətinin rəhbərliyinə ən əsası isə zabitimizi əfv etmiş ölkə başçımız cənab İlham Əliyevə minnətdardır. Bu addım bir daha Azərbaycan dövlətinin sözdə yox əməldə müstəqil olduğunu, ölkə Prezidentinin isə  öz qətiyyətini hər an nümayiş etdirməyə hazır  lider olmasını hər kəsə, bütün dünyaya sübut etdi. Yəqin Siz də bunu anlayaraq, müvafiq nəticələr çıxarmamış deyilsiniz.
Bəli, bu gün Azərbaycan sevinc içindədir, bu ədalətin, hüququn, qanunun, vicdanın qələbəsi münasibəti ilə duyduğumuz sevincdir. Adətən dostlar sevinci bölüşər, düşmənlər isə ona kölgə salmağa çalışarlar. Biz sizi bizimlə birgə sevinməyə çağırırıq, ən azından ona görə  ki, vaxtilə  bu gün sizin prezidenti olduğunuz  dövləti yaradanlar ədaləti özlərinin əsas şüarı elan etmişdilər. Bunu unutmayın. Biz də bizimlə birgə olanları unutmayacağıq, bizə qarşı olanları unutmayacağımız kimi.... 
Hörmətlə,
Ətrafında 24 mindən çox universitet təhsilli gənci birləşdirən
“İRƏLİ” İctimai Birliyinin təsisçiləri, idarə heyəti və üzvləri adından
Rauf Mərdiyev
“İRƏLİ” İctimai Birliyinin sədri
4 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” nümayəndələri “Gənc Liderlərin 7-ci İqtisadi Forumu”nda iştirak edirlər
3–7 sentyabr tarixlərində Polşanın Milli Agentliyinin, Təhsil Sisteminin İnkişaf Fondunun və “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramının birgə təşkilatçılığı ilə Polşanın Novı-Sonç şəhərində “Gənc Liderlərin 7-ci İqtisadi Forumu” keçirilir.
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycanı forumda "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və "İRƏLİ" İdman mərkəzinin rəhbəri Niyaz Əliyev təmsil edirlər.
4 gün davam edəcək forumda Avropadan, Qafqazdan və qonşu ölkələrdən olan gənclər müxtəlif mövzularda keçirilən panellərdə, seminarlarda iştirak edərək fikir mübadiləsi aparacaqlar. 
Forumda Macarıstan Respublikasının baş nazirinin müavini, Macarıstan Administrasiya və Ədalət naziri Tibor Navraksis, Moldova Respublikasının İqtisadiyyat naziri Valeriu Lazar, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə və bir çox ekspertlərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, “İRƏLİ”nin baş katibi Nərmin Məmmədova foruma seçilənlər arasında 20 nəfər xüsusi dəvət almış gənclərdən biridir.
Xatırladaq ki, hər il müxtəlif illərdə gənclərin toplaşdığı forumun qonaqları Mixail Saakaşvili (Gürcüstan Respublikasının prezidentj), Pyer Morel  (Avropa İttifaqının Mərkəzi Asiya üzrə təmsilçisi), Radosłav Sikorski (Polşanın Xarici İşlər Naziri), Professor Reinhard Selten (İqtisadiyyat üzrə Nobel mükafatçısı), Joze Maria Aznar (İspaniyanın keçmiş baş naziri), Milan Kucan (Sloveniyanın keşmiş prezidenti), Corc Sampaio (Portuqaliyanın keçmiş prezidenti), Rudolf Şuster (Slovakiyanın keçmiş prezidenti) və digər şəxslər olub.
3 notes · View notes
ireli-blog · 12 years
Text
Gənc baş redaktor “Yeni Media Akademiya”nın qonağı olub
“İRƏLİ” “Yeni Media Akademiya”nın qonağı olan Azxeber.com saytının baş redaktoru Əfsələddin Ağalarov  öncə jurnalistika sahəsinə gəlişi və saytın yaranması ilə bağlı iştirakçılara məlumat verib. O, bildirib ki, Azxeber.com portalı çox kiçik büdcə ilə 2010-cu ildə təsis olunub və bu tələbə jurnalistlərin yaratdığı ilk sayt olub.
Bu sahədəki uğurlarını qeyd edən qonaq Azxeber.com saytına və bu sahədəki fəaliyyətinə görə heyət “Həsən bəy Zərdabi” və “Bakı Dövlət Universitetinin dostu” mükafatlarına layiq görülüb. Eyni zamanda,2011-ci ildə Mətbuat Şurası tərəfindən “İlin ən perspektivli xəbər portalı” adını qazanıb.
Ə.Ağalarov qeyd edib ki, jurnalistikada maliyyə baxımından çətinliklər mümkündür. Lakin, əsas məsələ inama sahib olmaq və cəhd etməkdir. Jurnalistika prinsipləri və çərçivəni sevmir. Qarşıya qoyulan məqsəd kəmiyyətə deyil, keyfiyyətə işləməkdən ibarət olmalı və biznes maraqları əmək, peşə maraqlarından üstün olmamalıdır.
Görüş qarşılıqlı müzakirələr şəklində davam edib. Sonda baş redaktor layihə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzu edib.
3 notes · View notes
ireli-blog · 12 years
Text
"İRƏLİ" sədri İslandiyada gənclər forumunda iştirak edəcək
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev beynəlxalq gənclər forumunda iştirak etmək üçün İslandiyaya yola düşür.
Rauf Mərdiyev ilk olaraq 25-29 Avqust tarixlərində EYTC Konfransında iştirak edəcək. Konfransın mövzusu Avropa ölkələrində gənc donorların fəaliyyətinin təşkili və Avropanın donor təşkilatları arasında yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsidir.
Konfransda eyni zamanda Azərbaycan Qan Donorları Assosiasiyasının (QDA) sədri Fuad Əsgərov da iştirak edəcək. QDA "İRƏLİ" İctimai Birliyinə üzv olmaqla Azərbaycandan donorluq sahəsində 5 ildir fəaliyyət göstərən ən böyük qeyri-hökümət təşkilatdır.
30 Avqust - 4 Sentyabr tarixlərində Rauf Mərdiyev Reykyavik şəhərində keçiriləcək beynəlxalq gənclər forumunda iştirak edəcək. "Gənclər təşkilatları: struktur, infrastruktur və fəaliyyətin genişləndirilməsi" mövzusunda baş tutacaq forumda Avropanın müxtəlif ölkələrini təmsil edən 18 gənclər təşkilatının rəhbərləri iştirak edəcəklər.
Forumun əsas məqsədi yeniləşən mühitdə gənclər təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətlərinin, yeni yanaşma nəzəriyyələrinin və eyni zamanda cəmiyyətdə gənclər təşkilatlarının rolunun artırılması yollarının müzakirəsidir.
2 notes · View notes
ireli-blog · 12 years
Text
"Liderlik Forumunda iştirak üçün 1000 nəfər müraciət edib"
Azərbaycan Gənclərinin I Liderlik Forumunda iştirak üçün artıq 1000 nəfər gənc müraciət edib. Daxil olan müraciətlər yaxın günlərdə Forumun Təşkilat Qrupu tərəfindən incələnəcək və seçimlər həyata keçiriləcək.
Forumda iştirak hüququ qazanacaq 200 şəxsin adı sentyabr ayının əvvəlində www.youthforum.az saytında açıqlanacaq. 
Gənclər üçün yerli Davos adı verilmiş forum Liderlik Forumu 8-11 sentyabr tarixləri arasında 2012-ci il Azərbaycanın gənclər paytaxtı Gəncə şəhərində keçiriləcək. 
Forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, "İRƏLİ" İctimai Birliyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 
2 notes · View notes
ireli-blog · 12 years
Text
Şamaxıda “Alfa Ekstrim - Yay Düşərgəsi” yekunlaşıb
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçirilib. Layihədə 60 nəfər gənc iştirak edib.    
Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla baş tutub.
Düşərgə müddətində iştirakçılara ilk tibbi yardım, şəbəkələşmə, start-up layihələr, layihələrin idarə olunması və s. mövzularda təlimlər keçirilib.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev gənclərə “Liderlik” mövzusunda təlim keçib. Rauf Mərdiyev qeyd edib ki, ən yaxşı liderlər idarəçilik sistemi quranlardır. Liderlər öz komanda üzvlərinə yaxşı işləmək və məqsədlərinə nail olmaq üçün nüfuz edirlər: “Lider öz işləriylə başqalarına nümunə olmalı, mütəmadi olaraq yeni bacarıqlar mənimsəmək üşün çalışmalıdır. Lider davamlı olaraq yeni bilik qazanmalı, özünə inamı artıra bilən təcrübə axtarmalı, bacarıqlarını inkişaf etdirməlidir”. Rauf Mərdiyev bildirib ki, ən əsası isə lider səmimi insan olmalı və iş gedişatında səmimi mühit yaratmalıdır.
Eyni zamanda iştirakçılar Heydər Əliyev Mərkəzi, Şamaxı rəsədxanası və rayonun digər tarixi yerlərinə ekskursiya ediblər.
Qeyd edək ki, layihənin sponsorları Vita şirələri, Vitamin B12-dir.
2 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” Müslüm Maqomayevi yad etdi
17 avqust görkəmli Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin doğum günüdür. Bununla əlaqədar "İRƏLİ" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov, İdarə heyəti üzvləri və fəallar Fəxri Xiyabanda dəfn olunan əfsanəvi sanətkarın anadan olmasının 70 illiyi münasibətilə məzarını ziyarət ediblər. Gənclər sənətkarın məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Qeyd edək ki, 18 avqust tarixində Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında“İRƏLİ” İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin  anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.
2 notes · View notes
ireli-blog · 12 years
Text
Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin təşkilatçılığı ilə 8-11 Sentyabr tarixləri arası 2012-ci il Azərbaycan Gənclər Paytaxtı olan Gəncə şəhərində Azərbaycan Gənclərinin I Liderlik Forumu keçiriləcək.
Bütün ölkədən 200 nəfər fəal gəncin işitrak edəcəyi və Gəncə Ramada Hoteldə baş tutuacaq Forumun keçirilməsində əsas məqsəd fəal Azərbaycan gənclərini bir araya toplayaraq onları əhatə edən eyni zamanda ölkə gündəmində olan məsələlərlə bağlı fikir mübadiləsinin aparılması, real təkliflərin irəli sürülməsi, gənc liderlər arasında işgüzar münasibətlər və əməkdaşlıq layihələrinin artırılması, dövlət və dövlətçiliyimizin inkişafı naminə gənc liderlərin müsbət enerjisindən bəhrələnməkdir.
Gənclərin Liderlik Forumunun formatı interaktiv mühazirə və müzakirələr formasındadır. Forumun keçirilmə mövzuları forumun baş tutacaq cari dövrün aktual məsələləri ilə bağlı olacaqdır. Eyni zamanda Gənclərin Liderlik Forumunun əsas özəlliyi dövlət, hökumət, biznes, media, QHT, beynəlxalq strukturlar kimi fərqi sahələrin ən tanınmış nümayəndələri ilə gəncləri bir araya gətirərək effektiv fikir mübadiləsinin həyata keçirildiyi unikal platforma olmasındadır. Forumda dövlət və hökümət təmsilçiləri, millət vəkilləri, tanınmış ictimai xadimlər, elm, mədəniyyət, incəsənət adamlarının iştirakı ilə açıq müzakirə panelləri keçiriləcək. 
Bu il ilki keçiriləcək və 5 gün davam edəcək Gənclərin Liderlik Forumu mütəmadi olaraq ildə bir dəfədən az olmamaq şərtilə keçirilməsi planlaşdırılır.
İştirak üçün müraciət.
Təhsil və karyerasında uğur qazanmış 14-29 yaş arası şəxslər Forumda iştirak üçün müraciət hüququna malikdir. Forumun iştirakçıları seçim əsasında müəyyən olunacaq.
İştirak üçün müraciət etmək istəyənlər http://youthforum.az/ saytına daxil olub əlavə məlumat ala bilərlər. 
2 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” dahi sənətkar Müslüm Maqomayevi anacaq
“İRƏLİ” İctimai Birliyi və M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan və SSRİ xalq artisti Müslüm Maqomayevin  anadan olmasının 70 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək. 
Tədbir 18 avqust saat 18:00-da Filarmoniyanın nəzdində olan Kamera və Orqan Musiqi zalında baş tutacaq. Konsertdə "İRƏLİ" Mədəniyyət Mərkəzi üzvləri olan gənc ifaçılar dünya musiqi mədəniyyəti tarixində parlaq iz qoymuş dahi sənətkarın mahnılarını ifa edəcəklər. Eyni zamanda M.Maqomayevin həyatından bəhs edən qısa film nümayiş olunacaq. 
"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, öz sənəti ilə milyonların sevgisini qazanmış və Azərbaycanı dünyada tanıdan əvəzolunmaz M.Maqomayevin xatirəsinə həsr olunmuş konsert proqramının təşkil olunması bizim üçün məsuliyyətli, eyni zamanda qürurverici hadisədir. Məqsədimiz  dahi sənətkarın ruhuna hörmət nümayişi ilə yanaşı, həm də M.Maqomayev irsinin gənclər arasında təbliğ olunmasıdır. 
Konsert proqramında 400 nəfər qonağının işitrakı gözlənilir. Tədbirdə iştirak etmək istəyənlər şəxslər Facebook səhifəsinə daxil ola bilərlər  (http://www.facebook.com/events/118726734934955/)
3 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” əməkdaşlıq memorandumu imzalayıb
6-7 avqust tarixlərində Dağıstan və Azərbaycan gənclərinin iştirakı ilə Dağıstan Respublikasında “Dioqonal” forumu keçirilib.
Azərbaycanı təmsil edən nümayəndə heyətində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə, “İRƏLİ” İctimai Birliyinin İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Gənclər Fondunun Beynəlxalq Əlaqələr sektorunun rəhbəri Orxan Ərəbov, “Bakı Gənclər Klubu” İctimai Birliyinin rəhbəri Azər Dadaşov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin rəhbəri Seymur Hüseynov, “Gənclərin üçün Təhsil Mərkəzi”-nin gənclərlə iş üzrə proqram meneceri Fəxrəddin Həsənzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının fəalı Tələt Qurbanbəyov təmsil olunub.
Səfər çərçivəsində ölkəmizi təmsil edən nümayəndə heyəti Dağıstanın Gənclərlə İş üzrə Komitəsinin sədri, Maxaçkala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Dağıstanın Gənclər Parlamentinin sədri və deputatları, Dağıstan Respublikası Xalq Təsərrüfat İnstitutunun rəhbərliyi və gənclər təşkilatlarının rəhbərləri ilə görüşüblər.
Görüşlər zamanı Azərbaycan və Dağıstan gəncləri arasında əməkdaşlıq perspektivləri və gələckdə birgə layihələrin təşkili imkanları müzakirə olunub.
Səfərin yekunu olaraq Azərbaycan və Dağıstanın gənclər təşkilatları arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Eyni zamanda Dağıstan Respublikası Xalq Təsərrüfat İnstitutu ilə “İRƏLİ” İctimai Birliyi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tərəflər arasında əməkdaşlıq, qonşuluq əlaqələrini inkişaf etdirəcək ortaq layihələrin icra edilməsi qeyd olunub.  
2 notes · View notes
ireli-blog · 12 years
Text
Şamaxıda gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” keçiriləcək
“Qan Donorları Assosiasiyası” İctimai Birliyi, “İRƏLİ” İdman Mərkəzinin birgə təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə 14-20 avqust tarixləri arasında Şamaxı şəhərində gənclər üçün “Alfa Ekstrim - Yay Düşərgəsi” layihəsi keçiriləcək. Layihə gənc donorlar və donorluğa marağı olan 14-29 yaş  arası şəxslərin iştirakı üçün nəzərdə tutulub.   
Layihə ekstremal şəraitdə, dəniz səviyyəsindən 1000 metr hündürlükdə Şamaxı rayonunun ərazisində, 14-17 avqust və 17-20 avqust tarixləri arasında 2 növbə olmaqla baş tutacaq.
Düşərgə müddətində iştirakçılara İlk tibbi yardım; Donorluq; Şəbəkələşmə; Start-up layihələr; Layihələrin idarə olunması  mövzularda təlimlər keçiriləcək:
Eyni zamanda düşərgə müddətində iştirakçılar ekstremal idman növləri haqqında məlumatlandırılacaq, hikinq və Şamaxı rayonu ərazisinə ekskursiya olunacaq.
Layihənin əsas məqsədi gənclər arasında donorluq ideyası və sağlam həyat tərzinin təbliği, gənc donorlardan ibarət şəbəkənin yaradılması, donor olan gənclərin mövzu ilə bağlı biliklərinin artırılmasından ibarətdir.   
Layihədə iştirak etmək istəyən şəxslər 11.08.2012-ci il tarixinədək “İRƏLİ” İctimai Birliyinin rəsmi saytındawww.ireli.az “Elanlar” bölməsində yerləşdirilən elektron müraciət formasını doldura bilərlər.
Qeyd edək ki, düşərgə iştirakçıları qeyd olunan müddət ərzində çadırlarda qalacaq və təlimlər açıq hava altında keçiriləcəkdir. Düşərgədə iştirak haqqı 55 AZN-dir və bu məbləğə nəqliyyat, qida, yaşayış üçün inventarın icarəsi daxildir.
3 notes · View notes
ireli-blog · 12 years
Text
"İRƏLİ" “XXI əsrin liderləri” beynəlxalq yay düşərgəsində iştirak edəcək
5-11 avqust 2012-ci il tarixində Rusiya Federasiyasının Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan “XXI əsrin liderləri” yay düşərgəsi keçiriləcək. Azərbaycanı tədbirdə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti  təmsil edir.
Düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderlərini bir arada toplayıb, gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq və eyni zamanda yeni əməkdaşlıqların qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək.
Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.
5 notes · View notes
ireli-blog · 12 years
Text
Cənubi Koreyanın gənclərdən ibarət nümayəndə heyəti “İRƏLİ” Gənclik Mərkəzində
26 iyul – 4 avqust tarixləri arası Azərbaycan və Cənubi Koreya Respublikaları arasında imzalanan beynəlxalq gənclər mübadilə proqramı çərçivəsində Cənubi Koreyanın gənclərdən ibarət nümayəndə heyəti ölkədə səfərdədir.
30 iyul tarixində “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olan Cənubi Koreyalı gənclər “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin baş katibi Nərmin Məmmədova, İdarə heyətinin üzvləri ilə görüşüblər.
Görüşdə hər iki ölkənin gənclər siyasəti ilə bağlı müzakirələr aparılıb, “İRƏLİ”nin fəaliyyəti haqda geniş məlumat verilib və gələcəkdə birgə əməkdaşlıq çərçivəsində görüləcək layihələrdən danışılıb.
Sonda qonaqlara “İRƏLİ” İctimai Birliyinin fəaliyyətini əks etdirən hədiyyələr təqdim edilib və xatirə şəkili çəkilib.
4 notes · View notes
ireli-blog · 12 years
Text
Peşəkar diktor Eldost Bayramov “Yeni Media Akademiya”nın qonağı olub
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin diktoru, ”Tərəqqi” medalına layiq görülmüş Eldost Bayramov “Yeni Media Akademiya” layihəsinin qonağı olub.
Qonaq iştirakçılarla təcrübəsini bölüşərək bildirib ki, ixtisasca tarix müəllimi olsa da, onu diktorluğa gətirən səbəb bu sahəyə böyük həvəsinin olması idi. O, qeyd edib ki, qarşısına qoyduğu məqsədə çatmaq üçün öz üzərində çox çalışıb. 
Eldost Bayramov eyni zamanda, müasir televiziya aparıcılarının nitqindən, xüsusi ilə vurğunun düzgün qoyulmamasından, şivələrdən istifadə olunmasından narazılığını bildirib. Peşəkar diktor iştirakçılara bir  neçə şeir nümunəsində onlara sözlərin düzgün tələffüz qaydasını və vurğunun düzgün qoyulmasını izzah edib.
Qonaq gənclərə peşəkar diktor olmaq üçün bildirib ki, onlar Azərbaycan dilini mükəmməl bilməli, yaxşı nitqə sahib olmaları üçün çoxlu mütaliə etməli, öz üzərilərindədayanmadan çalışmalıdırlar.
Tələbələrin suallarını cavablandıran diktor sonda onların bir neçəsinin nitqini, danışıq tərzini yoxlayıb və lazım olan məsləhətləri verib. Gənclərlə görüşdən razı  qaldığını bildirən peşəkar diktor Eldost Bayramov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
4 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” Ekstrim klub Qayayadırmanma üzrə V Açıq Respublika Çempionatında iştirak edib
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı təbii qayalarda idman Qayayadırmanma üzrə V Açıq Respublika Çempionatı başa çatıb. 
28-29 iyul 2012-ci il tarixlərində start verilən Qayayadırmanma üzrə V Respublika Çempionatına 80 nəfərdən çox idmançı qatılıb və yarış üç mərhələdə (bouldering, çətinlik və sürət) keçirilib. Çempionat 15 nəfərlik hakimlər kollegiyası tərəfindən idarə edilib.
Yarışda “İRƏLİ”Ekstrim klub,FAİREX-in “Salavat”, “Zirvə”, “A+A”, “Qaya Qartalları”,“Ekosport”, “Climb-club”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Gənclik”, Qərb Universitetinin “İdman klubu” və digər qurumların idmançıları iştirak ediblər. 
İdmançılar öncə təsnifat, yarımfinal və final  uğrunda mübarizə aparıblar. Çempionatda qısa məsafədə boulderinq üzrə ilk olaraq qadınlar, daha sonra kişilər mübarizə aparıblar. Boulderinq üzrə yarışın nəticələri bəlli olduqdan sonra çətinlik və sürət üzrə çempionat davam edib.
4 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” Hüquq Mərkəzinin görüşləri davam edir
28 iyul tarixində “İRƏLİ” Hüquq Mərkəzinin təşkil etdiyi Hüquq Akademiyası layihəsi çərçivəsində “Vergi məcəlləsinin izahı” mövzusunda növbəti görüş keçirilib. Görüş “İRƏLİ” Gənclik Mərkəzində baş tutub.
Görüşün qonağı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin aparıcı müsahibi Emin Səttərov olub. Ekspert əlavə dəyər vergisi anlayışı, qeydiyyat, qeydiyyatın ləğv edilməsi, vergilərin müəyyən edilməsinin əsas şərtlərindən bəhs edib.  Mühazirə iki saatdan çox davam  edib və sonda tədbir iştirakçılarının sualları ilə yekunlaşıb.
Qeyd edək ki, gənc hüquqşünasların hüquqi biliklərinin müasir tədris metodları ilə inkişaf etdirmək məqsədilə həyata keçirilən “Hüquq Akademiyası” layihəsi müddətində iştirakçılara konstitusionalistika, kriminalistika, hüquqi kargüzarlıq metodikası üzrə təlimlər keçiriləcək.
Bundan əlavə, gənc hüquqşünaslar debatlarda və Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və digər dövlət orqanlarından dəvət olunan vəzifəli şəxslərlə görüşdə iştirak edəcəklər. Seminarlarda Milli Məclisin deputatlarının da iştirakı nəzərdə tutulub.
“Hüquq Akademiyası” layihəsinin partnyorları Azərbaycan Hüquqşünaslar Konfederasiyası, ELSA Azərbaycan, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsi və ölkənin digər aparıcı hüquq firmalarıdır.
2 notes · View notes
ireli-blog · 12 years
Text
“İRƏLİ” “Arxeoloji düşərgə 3” layihəsinə start verib
İRƏLİ” Tarix Mərkəzinin ənənəvi “Arxeoloji düşərgə 3” layihəsinə bu il də davam edəcək. Avqust ayından etibarən layihə iştirakçıları Gəncə və Ağsu şəhərləri ərazilərində aparılan arxeoloji qazıntılarda iştirak edəcəklər.
Ümumilikdə 20 gün davam edəcək düşərgələrdə 40 nəfər gənc arxeoloji qazıntı işlərinə cəlb olunacaqlar.
Qeyd edək ki, “Arxeoloji düşərgə” layihəsi 2009-cu ildən həyata keçirilir. Layihənin başlıca məqsədi arxeoloji düşərgələr təşkil etməklə, Azərbaycanın tarixi yerlərini tədqiq edərək öyrənmək, arxeologiya elminə gənclər arasında maraq oyatmaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.
2009-cu ildə Ordubad, Goranboy və Ağcabədi, 2011-ci ildə Qəbələ və Şəmkir rayonlarında aparılan arxeoloji qazıntılarda ümumilikdə 100 nəfər gənc iştirak edib.
4 notes · View notes